Ekoloji maarifləndirmə tədbirləri davam etdirilir

Muxtar respublika ərazisində ekoloji tarazlığın qorunması, əlverişli ekoloji mühitin yaradılması, insanların sağlam ətraf mühitdə yaşamasının təmin edilməsi məqsədilə uğurlu sosial-ekoloji siyasət həyata keçirilir. Hesabat ayında ətraf mühitin mühafizəsi, qanunsuz ov edilməsi, meşə fondu torpaqlarından qanunsuz istifadə, ətraf mühitə təsir hallarının qiymətləndirilməsi məqsədilə 21 yoxlama-reyd keçirilmişdir. Bu sahədə 1 inzibati xəta qeydə alınmış və qanunauyğun tədbir görülmüşdür.


Muxtar respublikada ekoloji-hüquqi maarifləndirmə tədbirlərinə üstünlük verilir. Bu məqsədlə Culfa rayonunun Əbrəqunus kəndində rayon bələdiyyələrinin iştirakı ilə ekoloji-hüquqi maarifləndirici tədbir keçirilmiş və geniş ictimaiyyətin məlumatlandırılması məqsədilə kütləvi informasiya vasitələrində işıqlandırılmışdır. Keçirilən maarifləndirmə tədbirlərində ətraf mühitin mühafizəsi, məişət və tikinti tullantılarının idarə olunması, yaşıllıqların artırılması, çay vadilərinin, suların qorunması və ailə təsərrüfatlarının inkişaf etdirilməsində yabanı meyvə, dərman bitkilərindən səmərəli istifadə yolları haqqında müzakirələr aparılmışdır. Ay ərzində ekoloji monitorinqlər də davam etdirilmişdir. Bu məqsədlə Şərur, Sədərək, Ordubad, Babək, Şahbuz, Kəngərli və Culfa rayonlarının 27-dən çox yaşayış məntəqəsi ərazisində monitorinqlər aparılmış, su mühiti, məişət, tibbi və bərk tullantıların idarə olunması və mərkəzi avtomobil yollarının kənarlarında yerləşən yaşıllıq zolaqlarındakı mövcud vəziyyət öyrənilmişdir. Monitorinqlər zamanı bir sıra çatışmazlıqlar da qeydə alınmış, onların aradan qaldırılması üçün icrası məcburi tapşırıqlar verilmişdir.