HAQQIMIZDA

“Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti 2004-cü ildə “Əl işləri və sənət əsərlərinin sərgi və satışı, sahibkarların tədris-informasiya Mərkəzi” kimi fəaliyyətə başlayıb. 2011-ci ildən “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti kimi fəaliyyətini davam etdirir.

Naxçıvan Biznes Mərkəzinin əsas iş istiqamətləri biznesin inkişafı məqsədilə sahibkarların maarifləndirilməsi, onlar arasında işgüzar əlaqələrin gücləndirilməsi, beynəlxalq və yerli əhəmiyyətli tədbirlərin, o cümlədən konfransların, forum və seminarların keçirilməsi, yerli istehsal məhsullarının, əl işlərinin sərgi və satışının təşkilindən ibarətdir. Ümumi sahəsi 2000 kva­dratmetr olan mərkəzdə müasir avadanlıqlarla təchiz edilmiş 100 nəfərlik iclas və 200 nəfərlik konfrans zalları, tədbir iştirakçıları üçün 2 dildə sinxron tərcümə dəstinin mövcudluğu burada beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsinə geniş imkanlar yaradır. Sərgi ilə tanışlıq məqsədilə gələn ziyarətçilərə ixtisaslı kadrlar tərəfindən xidmət göstərilir.

Mərkəzin sərgi salonunda muxtar respublikada fəaliyyət göstərən emal və xidmət müəssisəsi tərəfindən istehsal olunan məhsulların nümayişi həyata keçirilir. Həmçinin mərkəzdə sərgilənən Bəhruz Kəngərli məktəbinin davamçıları olan muxtar respublika rəssamlarının rəsm əsərləri və yerli sənətkarların dekorativ-tətbiqi sənət, dulusçuluq, ağac üzərində oyma işləri ziyarətçilərin zövqünü oxşayır.

Muxtar respublikamızda özəl sektorun aparıcı təmsilçiləri ilə yanaşı, çox sayda orta və kiçik biznes qurumlarının məhsulları sərgi salonunun guşələrində öz yerini tutub. Burada muxtar respublikanın aqrar sektorunda özünəməxsus fəaliyyəti ilə seçilən ailə təsərrüfatlarına geniş bir guşənin ayrılmasını muxtar respublika rəhbərinin ailə təsərrüfatlarına göstərdiyi qayğının nəticəsi olaraq həyata keçirilən tədbirlərin bir hissəsi kimi, xüsusilə qeyd etmək lazımdır. Qeyd edək ki, ailə təsərrüfatlarının resurslarına qənaət, onları ucuz və keyfiyyətli taralarla təmin etmək məqsədilə mərkəzin Naxçıvan şəhərində taraların satışı mağazası da fəaliyyət göstərir.

Naxçıvan Biznes Mərkəzi bir çox mötəbər tədbirlərə ev sahibliyi edib. Hər il ənənəvi olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin naxçıvanlı sahibkarlarla görüşünün məhz Naxçıvan Biznes Mərkəzində keçirilməsi buranın əhəmiyyətini bir daha vurğulayır.

Muxtar respublikada sahibkarlığın genişləndirilməsi məqsədilə hüquqi və maarifləndirici istiqamətdə mərkəzdə mütəxəssislər tərəfindən sahibkarların müraciətləri əsasında müxtəlif xidmətlər də göstərilir.

Mərkəzin sərgi salonu ilə yanaşı, bu gün muxtar respublikada istehsal olunan məhsulların, eləcə də el sənətkarlarının hazırladıqları əl işləri və sənət əsərlərinin daha geniş məkanda təbliğ edilməsi və onların satışının təşkil olunduğu Naxçıvan şəhərinin Heydər Əliyev prospektində yerləşən əl işlərinin satışı mağazasının, Saat Meydanında yerləşən hədiyyəlik – “Naxçıvan məhsulları” satış mağazasının, Əshabi-kəhf ziyarətgahında və Duzdağ Fizioterapiya Mərkəzindəki satış məntəqələrinin fəaliyyəti Naxçıvanımızın tanıdılmasında əvəzsiz rola malikdir. Bunlarla yanaşı, hər bir mağazanın sosial şəbəkələrdə daim yenilənən hesabları onların fəaliyyətinin genişlənməsinə və yerli məhsullara marağın artmasına səbəb olur.

Naxçıvan Muxtar Respublikasında qədim el sənətimiz olan xalçaçılıq ənənələrinin və milli ornamentlərin qorunub saxlanması məqsədilə həyata keçirilən kompleks tədbirlər sırasında “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində yaradılan Xalq Yaradıcılığı Emalatxanasının xalçaçılıq bölməsinin fəaliyyəti mühüm əhəmiyyətə malikdir. Həmçinin bədii tikiş üslublarının gənc nəsillərə ötürülməsi, xalçaçılıqda kadr hazırlığının təşkili məqsədilə mütəmadi olaraq Naxçıvan Biznes Mərkəzi tərəfindən kurslar keçirilir.

Xalq Yaradıcılığı Emalatxanasında xalçaçılıq sahəsi ilə yanaşı, ağac üzərində oyma, dekorativ-tətbiqi sənət sahələri də fəaliyyət göstərir. Emalatxanada əllə toxunan Naxçıvan xalçalarının, əl işləri və sənət əsərlərinin sərgi və satışı da elə Naxçıvan Biznes Mərkəzi tərəfindən təmin edilir.