Naxçıvanda yeni il yarmarkası keçiriləcək

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, Yeni il ərəfəsində - dekabr ayının 24-dən 30-dək Naxçıvan şəhəri Xətai küçəsində yerləşən Mərkəzi Bazarda bayram yarmarkası təşkil olunacaq.

Yarmarkaların keçirilməsində əsas məqsəd istehlakçıların seçim imkanlarının artırılmasını, eləcə də süni qiymət artımının qarşısının alınmasını və alıcıları daha ucuz qiymətlərlə satılan məhsullarla təmin etməkdir.

Yarmarkada istehlakçılar sənaye müəssisələrində, kənd təsərrüfatı istehsalçıları və ailə təsərrüfatlarında istehsal olunan məhsulları bazardakı qiymətlərlə müqayisədə daha ucuz qiymətə əldə edə biləcəklər.

Muxtar respublika sakinlərini kənd təsərrüfatı və qida məhsullarına olan tələbatlarını təbii məhsullarla dolğun şəkildə qarşılamaq üçün bayram yarmarkasına dəvət edirik.