Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşları Naxçıvan Biznes Mərkəzində olublar
Tarixi keçmişimizə və görkəmli şəxsiyyətlərin fəaliyyətinə işıq tutan muzeylər milli irsin öyrənilməsi baxımından müstəsna əhəmiyyət daşıyır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Muzeylər bizim tariximizi, mədəniyyətimizi özündə qoruyub gələcəyə daşıyır. ...Lakin iş muzeylərin yaradılması ilə bitmir, onların daim zənginləşdirilməsinə, tamaşaçıların muzeylərə cəlb olunmasına da ciddi diqqət yetirilməlidir”.
İyul ayının 27-si Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşları Naxçıvan Biznes Mərkəzində olublar.
Mərkəz haqqında məlumat verən bələdçi bildirib ki, ümumi sahəsi iki min kvadratmetr olan binanın birinci mərtəbəsində muxtar respublikada istehsal olunan yerli məhsulların sərgiləndiyi geniş sərgi, iki yüz nəfərlik konfrans zalı, ikinci mərtəbədə yüz nəfərlik konfrans zalı və iki yüz nəfər iştirakçı üçün sinxron tərcümə dəsti, hər iki zalda təqdimatlar keçirmək üçün elektron lövhələr və sürətli internet vardır. Mərkəzdəki sərgi ilə tanış olmaq üçün gələn ziyarətçilərə ingilis və rus dillərində də danışa bilən ixtisaslı kadrlar xidmət göstərirlər.
Həmçinin bələdçi tərəfindən Naxçıvan Biznes Mərkəzində nümayiş olunan yerli məhsullardan nümunələr barədə məlumat verilib. Qeyd olunub ki, mərkəzdə 96 müəssisə tərəfindən 192 növdə məhsul sərgilənir. Eyni zamanda burada yerli ailə təsərrüfatlarında istehsal olunan məhsullar, ayrı-ayrı sənətkarlar tərəfindən hazırlanan əl işləri, rəsm əsərləri, xalçalar və Naxçıvan Muxtar Respublikasının istehsal və xidmət müəssisələrinin xəritəsi nümayiş etdirilir. Vurğulanıb ki, muxtar respublikada sahibkarlığın inkişafına göstərilən qayğının nəticəsində ümumi daxili məhsulda özəl bölmənin xüsusi çəkisi xeyli artıb, qəbul edilən Dövlət Proqramlarının icrası da sahibkarlığın inkişafına öz töhvəsini verib. Sahibkarlar tərəfindən yeni istehsal sahələri, iş yerləri yaradılıb, məşğulluq təmin olunub. Biznes Mərkəzinin sərgi salonunda nümayiş olunan məhsullar muxtar respublikada sahibkarlığın inkişaf səviyyəsinin əyani göstəricisidir.
Daha sonra Xidmət əməkdaşları mərkəzdə nümayiş olunan muxtar respublikanın iri özəl sektor təmsilçilərindən “Gəmiqaya Holdinq”, “Dizayn Holdinq”, “Cahan Holdinq”, “Zümrüd” Kiçik Müəssisəsi, “Araz” Açıq Səhmdar Cəmiyyəti, Babək “Sirab” Açıq Səhmdar Cəmiyyəti, “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə yanaşı, bir sıra digər orta və kiçik biznes qurumlarının məhsulları ilə tanış olublar.
Naxçıvan Biznes Mərkəzi ilə yaxından tanışlıq Xidmət əməkdaşlarının xoş təəssüratları ilə yadda qalıb.