5 May "Xalçaçı günü"dür

Naxçıvan xalçaçılıq sənəti qədim ənənələrə malikdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında “Xalçaçı günü” peşə bayramının təsis edilməsi haqqında” 2016-cı il 25 noyabr tarixli Sərəncamına əsasən, hər il mayın 5-i ölkəmizdə “Xalçaçı günü” peşə bayramı kimi qeyd edilir.

Azərbaycanda toxuculuğun tarixi 5-7 min il bundan əvvələ gedib çıxır. Naxçıvanda duz istehsalına başlanması, duzun tədavülü və daşınmasında torba və xurcunlardan istifadə toxuculuq sənətinin də qədim tarixindən xəbər verir. Toxuculuğun inkişafı isə xalçaçılıq sənətinin yaranması üçün geniş imkanlar açmışdır. Herodot, Klavdi Elian, Ksenofont və digər qədim dünya tarixçilərinin əsərlərində, "Kitabi-Dədə Qorqud" dastanında, Nizami Gəncəvi, Əfzələddin Xaqani və başqa şairlərimizin yaradıcılığında Azərbaycan xalçaları haqqında məlumatlar verilmiş, bu dəyərli mədəni irsimiz tərənnüm olunmuşdur. Görkəmli Azərbaycan və dünya rəssamlarının tablolarında da təsvir olunan xalçalarımız bu gün dünyanın məşhur muzeylərinin ən dəyərli eksponatlarındandır.Naxçıvanda xalçaçılıq sənəti qədim tarixə və ənənələrə malikdir. Naxçıvan diyarındakı I Kültəpə ərazisindən tapılan xalçaçılıqla bağlı 177 alət tədqiqatçılar tərəfindən Kür-Araz mədəniyyətinə aid edilir. Şərur rayonundakı Ovçular təpəsindən 2019-cu ildə aşkar olunmuş sümük alətlər, o cümlədən toxuculuqda istifadə edilən biz məmulatları insanların Naxçıvan ərazisində hələ Eneolit dövründən toxuculuqla məşğul olduğunu sübut edən tutarlı faktlardandır. Naxçıvan Muxtar Respublikasının ərazisindən tapılmış ən qədim xalça hissələri, eləcə də ibtidai gil cəhrələr burada hələ qədimdən toxuculuq sənətinin inkişaf etdiyini göstərir.

Bu gün Naxçıvan Dövlət Xalça Muzeyində, Naxçıvan Dövlət Universitetində və Naxçıvan Müəllimlər İnstitutunda Təsviri incəsənət ixtisası üzrə təhsil alan tələbələrin iştirakı ilə açıq dərslər təşkil olunur. Muxtar respublikanın bölgələrində xalçaçılıq kursları fəaliyyət göstərir. Xalçatoxuyanlar üçün lazımi şərait yaradılır. Həmçinin Naxçıvan Regional Peşə Tədris Mərkəzində xalçaçılıq üzrə peşə kurslarının, Naxçıvan Qızlar Liseyində “Tikiş, toxuculuq və xalçaçılıq” dərnəyinin fəaliyyət göstərməsi, “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xalq yaradıcılığı emalatxanasında xalça toxunmasının təşkili, muxtar respublikanın kəndlərində xalçatoxuyan qadınların hana və digər zəruri ləvazimatlarla təmin olunması xalçaçılığın inkişafına öz töhfəsini verir.

Xalçaçılıq sənətinin hər bir nümunəsi xalqımızın gündəlik həyat tərzini özündə ehtiva edən, onun bədii-estetik dünyagörüşünün zənginliyindən soraq verən sənət əsərləridir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Naxçıvan xalçaları, sadəcə xalça deyil, bunlar həm də xalqımızın tarixini, mədəniyyətini, incəsənətini və məişət tərzini özündə yaşadan qiymətli nümunələrdir. Ona görə də bu nümunələrin öyrənilməsi, tədqiqat işlərinin davam etdirilməsi bundan sonra da diqqət mərkəzində saxlanılmalıdır”.