Cəbrayılda Naxçıvan sahibkarları üçün 14 hektar ərazi ayrılıb

Cəbrayılda yaradılacaq “Araz Vadisi İqtisadi Zonası” sənaye parkında Naxçıvan sahibkarlarının da fəaliyyəti nəzərdə tutulur.

NUHÇIXAN xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev muxtar respublikada fəaliyyət göstərən sahibkarlarla  görüşü zamanı açıqlayıb.

Naxçıvan Biznes Mərkəzində keçirilən görüşdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev sahibkarlara Cəbrayıl rayonunda yaradılacaq “Araz Vadisi İqtisadi Zonası” sənaye parkı barədə məlumat verib. Bildirib ki, “Araz Vadisi İqtisadi Zonası” sənaye parkı 200 hektar ərazini əhatə edir. Ərazi kənd təsərrüfatı məhsullarının emalı, sənaye, sosial və texniki zonalara bölünəcək. Burada logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri və digər sahələri əhatə edən məntəqələrin yaradılması planlaşdırılır. Sənaye Parkında tikinti üçün üzlük və izolyasiya materialları, müxtəlif qatqı maddələri, metal konstruksiya istehsalı müəssisələrinin təşkili nəzərdə tutulur. Parkın ərazisində həmçinin kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, süd və ət məhsulları istehsalı və emalı, şərab, yem, gübrə istehsalı, ipəkçilik müəssisələrinin, soyuducu kameraların qurulması, kiçik istehsal və xidmət sahələrinin yaradılması planlaşdırılır.

Nazir qeyd edib ki, sənaye parkında muxtar respublika sahibkarlarının logistik fəaliyyəti üçün də 14 hektar sahə müəyyənləşdirilib. Ərazidə Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının vasitəsi ilə logistik anbarlar yaradılacaq. İlkin vaxtlarda parkda əsasən tikinti materiallarının satışı nəzərdə tutulub. Sonrakı mərhələlərdə isə digər sahələr üzrə depoların tikintisi nəzərdə tutulub.

"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün dövlət proqramı"nı da diqqətə çatdıran Tapdıq Əliyev qeyd edib ki, Naxçıvanda da böyük iqtisadi layihələr reallaşdırılacaq, investisiya mühiti canlanacaq, yeni iş yerləri açılacaq və nəticədə sosial-iqtisadi inkişaf tempi və məşğulluq səviyyəsi daha da artacaq. Yaxın vaxtlarda muxtar respublika ərazisində yeni Sənaye parkının tikintisi nəzərdə tutulur. Digər sənaye parklarında olduğu kimi burda da sahibkarlar və investorlar üçün yüksək güzəştlər tətbiq olunacaq.   

Nazir sözügedən həyata keçirilməsinə dair tədbirlər planında işğaldan azad edilmiş ərazilərdə həyata keçiriləcək layihələrdə Naxçıvan Muxtar Respublikasında istehsal olunan məhsulların istifadəsinin təşviqinin əhəmiyyətindən danışıb.

Nazirliyin şöbə müdiri Xudakərim Məmmədov slaydlar vasitəsilə sənaye parkının əhəmiyyətini və orda sahibkarlar üçün yaradılacaq şəraitin əhəmiyyətini diqqətə çatdırıb.