Dövlət satınalmaları haqqında” yeni Qanunun tətbiqi ilə bağlı seminar-təlim keçirilib

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin dəstəyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının yeni Qanununun tətbiqinə dair dövlət satınalan təşkilatları və sahibkarlar üçün seminar-təlim keçirilib.
Təlimin məqsədi satınalan təşkilatları və sahibkarları dövlət büdcəsi vəsaitlərindən qənaətli istifadə, şəffaflıq və intizamlılıq səviyyəsini artırmaq, yeni qanunun tətbiqinin müsbət tərəfləri haqqında maarifləndirməkdir.
Naxçıvan Biznes Mərkəzində təşkil olunan tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev açaraq bildirib ki, ölkəmizdə dövlət satınalmaları sahəsi iqtisadiyyatın əsas sütunlarından biridir. Bu məqsədlə satınalma qaydalarına edilən dəyişikliklər, elektron satınalma sistemi və bu kimi digər mexanizmlər şəffaflıq və hesabatlılığın daha yüksək səviyyədə olmasına hesablanıb. Bu il Naxçıvanda dövlət satınalmaları sahəsində aparılan təkmilləşdirmələr, “Dövlət satınalmalarının vahid elektron portalı”nda müsabiqələrin həyata keçirilməsi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin satınalmalarda fəal iştirakına zəmin yaradıb. Cari ilin ötən dövrü ərzində dövlət satınalmalarından istifadəyə dair ali dövlət orqanları, satınalan dövlət müəssisə və təşkilatları, podratçı hüquqi və fiziki şəxslər tərəfindən, ümumilikdə, 1201 müraciət daxil olub.
Qeyd edilib ki, satınalan təşkilatlar tərəfindən satınalmalarla bağlı təqdim olunmuş məlumatlara əsasən 2023-cü ilin ötən dövrü ərzində dövlət vəsaitləri hesabına 27 milyon 817 min 255 manat məbləğində 401 satınalma proseduru keçirilib ki, bunun 265-i kotirovka sorğusu, 125-i açıq tender, 11-i isə təkliflər sorğusunun yekununa dair protokollardır.