“Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda keçirilən sərgidə Naxçıvan məhsulları nümayiş edilir

İyunun 8-də Bakıda “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda yerli şirkətlərin tanıtım sərgisi öz işinə başlayıb.

 

ÜmummilliLider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbir İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı, “Kapital Bank”ın rəsmi tərəfdaşlığı ilə keçirilir. Sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 150-dən çox yerli şirkətin məhsul və xidmətləri nümayiş olunur.

Sərginin məqsədi Azərbaycan şirkətlərinin daha geniş tanıdılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi, iş adamları arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi və yeni əməkdaşlıqların qurulmasıdır.

İqtisadiyyatın bütün sektorları üzrə məhsul və xidmətlərin təqdim olunduğu sərgidə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir. Nümayəndə heyətinin tərkibinə muxtar respublikada fəaliyyət göstərən “Arkoz Holdinq”in, “Himal Holdinq”in, “Naxçıvan Duz İstehsalı”, “ENNA”, “AzElektrod”, “Karton Tara” Məhdud Məsuliyyətli cəmiyyətlərinin, “Sirab” Açıq Səhmdar Cəmiyyətinin, “Müasir Məkan” ət və ət məhsulları müəssisəsinin, “Savalan-S” kiçik müəssisəsinin nümayəndələri daxil edilib.

Sərgidə 3 istehsalçı şirkətin mineral suları, limonadları, duzu, enerji və sərinləşdirici içkiləri, kafel, metlax, məsaməli beton-blok yapışdırıcıları, boyaları nümayiş olunur. 

İyunun 10-dək davam edəcək tədbir çərçivəsində, müxtəlif mövzularda panel müzakirələr təşkil olunacaq, ikitərəfli görüşlər keçiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidməti