İğdır Sənaye və Ticarət Palatasının Nümayəndə Heyətinin Naxçıvan Muxtar Respublikasına işgüzar səfəri olub

Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğu və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə baş tutan səfərdə sahibkarlar və Türkiyədən gələn  nümayəndə heyətinin üzvləri iştirak ediblər. Əvvəlcə Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğunda Türkiyə nümayəndə heyəti ilə Baş konsul Asip Kayanın görüşü olub. Sonra heyət “ENNA”  və “Ləzzət Biskvit və Şokolad Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsal müəssisələrində istehsal prosesi ilə tanış olub.Tanışlıq zamanı müəssisədə gedən ümumi iş prosesinin mahiyyəti, məhsulların istehsal mərhələləri haqqında mütəxəssislər qonaqlara ətraflı məlumat veriblər. Həmçinin istehsal olunan məhsulların daxili bazarı təmin etməklə yanaşı, bir çox xarici ölkələrə də ixrac edildiyi bildirilib.
    Biznes Mərkəzini ziyarət edən qonaqlar muxtar respublikada istehsal edilən məhsullarla tanış olublar. Sonra Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev və nümayəndə heyəti, həmçinin nazirliyin nümayəndələri və muxtar respublikada fəaliyyət göstərən  sahibkarlar arasında işgüzar görüş olub. Görüş zamanı ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafında dövlət başçılarının siyasi iradəsi və irəli sürdükləri təşəbbüslərin mühüm rol oynadığını deyən iqtisadiyyat naziri bildirib ki, müzakirə edilən məsələlər və aparılan danışıqlar iki qardaş ölkə arasında iqtisadi əməkdaşlığın genişlənməsinə, sahibkarlar arasında işgüzar əlaqələrin inkişafına xidmət edir. Tarixi dostluq, qarşılıqlı etimad əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri hər sahədə daim möhkəmlənir. Birgə səylərin iqtisadi sahədə əməkdaşlığı daha da genişləndirəcəyini və xalqlarımızın rifahına töhfə verəcəyini vurğulayan nazir qeyd edib ki, iqtisadi əməkdaşlıq Azərbaycan-Türkiyə arasındakı ikitərəfli əlaqələrinin ən mühüm istiqamətlərindən biridir. Son zamanlar bu əlaqələrdə müsbət dinamikanın şahidi oluruq. Naxçıvanda Türkiyənin işgüzar dairələri üçün qarşılıqlı maraq kəsb edən emal və istehsal imkanları var. Bu imkanlardan istifadə edərək hər iki ölkəyə qazanc gətirən işlər görmək mümkündür.
    Azərbaycanla Türkiyə arasında ticarətin real potensialının daha geniş şəkildə əks olunacağını bildirən nazir Tapdıq Əliyev bu cür görüşlərin qarşılıqlı əməkdaşlığı daha da genişləndirəcəyinə ümidvar olduğunu vurğulayıb.
    Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya və İqdır Ticarət və Sənaye Palatasının rəhbəri Kamil Arslan çıxışlarında iki ölkə arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edib, əməkdaşlıq imkanlarına, həyata keçirilən layihələrə, ticarət dövriyyəsinin artırılması sahəsində görülən işlərə dair fikirlərini bölüşüb, iki ölkə arasında qardaşlıq əlaqələrindən danışıblar. Əlaqələrin daha da genişləndirilməsi istiqamətində görüləcək işlərin müsbət nəticə göstərəcəyini qeyd ediblər.
    Görüşdə çıxış edən digər qonaqlar iki ölkə arasında iqtisadi sahədə inkişaf perspektivləri, dövlət və özəl sektor arasında əməkdaşlıq imkanları, münbit investisiya mühiti, birgə layihələrin həyata keçirilməsi barədə fikirlərini bölüşüblər.
    Tədbirdən sonra İqdır Ticarət və Sənaye Palatasının rəhbəri Kamil Arslan və Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya ilə görüşün mahiyyəti və əhəmiyyəti barədə fikirlərini öyrəndik. 
    Asip Kaya – Türkiyənin Naxçıvandakı Baş konsulu: – Bu gün İqdır Ticarət və Sənaye Palatasını Naxçıvanda qonaq etdik. Kamil Arslan bəyin 12 nəfərdən ibarət heyəti Naxçıvanı ziyarət etdi. Bu ziyarəti uzun müddətdir, planlayırdıq, amma müxtəlif səbəblərə görə reallaşdıra bilməmişdik. Bu görüş üçün böyük məmnuniyyət hissi keçirirəm. Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi  Fuad Nəcəfli ilə görüşdük. Sonra ixracat məhsullarının sərgiləndiyi Biznes Mərkəzini gəzdik. İqtisadiyyat naziri ilə çox məhsuldar bir görüşümüz oldu. Mənim məqsədim Naxçıvanla İqdır arasında, xüsusilə sərhəd ticarətinin inkişafına dəstək göstərməkdən ibarətdir. Bu anda olan ticarət gərəkli qədər gözlədiyimiz qədər sıx deyil. Keçən il, təqribən,  100 milyon dollara yaxın idi ticarət həcmi, amma potensiala baxanda, əslində, bu o qədər də yüksək məbləğ deyil. “Bu məbləği necə artırmaq olar?” məqsədilə İqdır Ticarət və Sənaye Palatası heyəti Naxçıvana gəldi və səmərəli söhbətlər aparıldı. İrəlidə hansı məhsuldar addımlar atmaq olar, ticarətimizi, mədəniyyətimizi, sosial münasibətlərimizi birgə daha necə inkişaf etdirə biləcəyimiz barədə müzakirələr apardıq. İnanırıq ki, yaxın zamanda bu görüşlərin müsbət nəticələrini əldə edəcəyik. 
    Kamil Arslan – İqdır Ticarət və Sənaye Palatasının rəhbəri: – Baş Konsulluğun dəstəyi ilə bu gün Naxçıvandayıq və bundan məmnunuq. Uzun müddətdir ki, Naxçıvanla ticarət əlaqələrimiz çox zəif idi. Ümumiyyətlə, Naxçıvanla İqdır arasında idxal, ixrac sərhəd ticarəti haqqında danışdıq. Bundan sonrakı dövrdə burada bir komissiya yaradılacaq. İdxalda və ixracda komissiyanın dəyərləndirdiyi çatızmazlıqlar daha şəffaf görünəcək. Əlimizdən gəldiyi qədər çalışacağıq ki, çatışmazlıqları aradan qaldıraq. Bundan sonra ticarət əlaqələrimizin daha da inkişaf edəcəyinə ümidvaram. Səlahiyyətli nümayəndə ilə görüşdə səmimiyyətlə qarşılandıq. Hazırda İqdırla Naxçıvan arasında olan ticarət əlaqələri və mövcud problemlərlə bağlı söhbətimiz oldu. Müzakirələr zamanı həll nöqtəsi olaraq komissiya yaradılmasına dəstək göstəriləcəyini və verilən təkliflərin dəyərləndiriləcəyini və  həll yönümlü qərarların veriləcəyini söylədi. Bu bizim üçün çox önəmlidir.