“Nağdsız ödəyin, hədiyyə qazanın!” tədbirinin 17-ci tirajının qalibləri müəyyənləşib

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti tərəfindən hər il təşkil olunan “Nağdsız ödəyin, hədiyyə qazanın!” tədbirinin 17-ci tirajının qalibləri müəyyənləşib. 

Naxçıvan Biznes Mərkəzində keçirilən tədbirdə bildirilib ki, 2014-cü ildən başlayaraq keçirilən 16 tirajda 4733 muxtar respublika sakininə 290 min manat dəyərində müxtəlif həvəsləndirici hədiyyələr təqdim edilib. “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirin bu gün keçirilən 17-ci tirajında isə daha 642 şəxsə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ayrılmış 50 min manat vəsaitlə alınmış hədiyyələr təqdim olunacaq.

Vurğulanıb ki, 2022-ci ilin 10 ayı ərzində POS- terminal, internet və digər ödəniş vasitələri ilə aparılan nağdsız əməliyyatların həcmi 168 milyon 196 min 405 manat olub.

Qaliblərə ödəniş meyarlarına uyğun müxtəlif məişət avadanlıqları təqdim edilib.

Qeyd edək ki, bu gün muxtar respublikanın rayonlarında da nağdsız ödənişlər sahəsində fəallıq göstərən şəxslərə hədiyyələr təqdim edilib.