Naxçıvan Muxtar Respublikası dünya ölkələri ilə istər turizm və iqtisadiyyat, istərsə də mədəniyyət sahəsində geniş əlaqələrə sahibdir, bu əlaqələr daha da inkişaf edəcək

Azərbaycan Respublikasında fəaliyyət göstərən Avropa İttifaqının nümayəndə heyətinin muxtar respublikamıza işgüzar səfəri çərçivəsində qonaqlar əvvəlcə Naxçıvan Dövlət Universitetində olublar. Ali təhsil ocağının ERASMUS layihəsi çərçivəsində Avropa İtti­faqına üzv olan ölkə universitetləri ilə beynəlxalq əməkdaşlığı yüksək dəyərləndirilib. Sonra qonaqlar “Naxçıvanqala Tarix-Memarlıq Muzey” Kompleksində keçirilən “Ailə təsərrüfatı məhsulları” festivalı ilə yaxından tanış olublar. Möminə xatın türbəsi və Açıq Səma Altında Muzey Kompleksinə,  Duzdağ Fizioterapiya Mərkəzinə, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Sərhəd-Buraxılış Məntəqəsinə ekskursiya zamanı qonaqlara məlumat verilib ki, Naxçıvan Muxtar Respublikası iqtisadiyyat, turizm və digər sahələrdə öz potensialını daim irəliyə aparır, dünya ölkələri ilə sıx əlaqələr qurur. Qeyd edilib ki, istənilən ölkəyə səyahət edən turist, ilk növbədə, həmin ölkənin tarixinə, yaşayış tərzinə, dini mənsubiyyətini əks etdirən maddi mədəniyyət nümunələrinə maraq göstərir. Turizm həm də hər hansı ölkənin mədəni irsinin, dini abidələrinin dünyaya tanıdılmasında vasitə rolunu oynayır. Bu mənada, Naxçıvan hər zaman xarici qonaqların diqqətini çəkir,  muxtar respublikaya üz tutan turistlərin sayı günü-gündən artır, beynəlxalq əlaqələri getdikcə güclənir. 

 

Fürsətdən istifadə edərək nümayəndə heyətinin bir neçə iştirakçısı ilə həmsöhbət olduq. 
    İlk həmsöhbətimiz Rumıniyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vasile Soare söhbət zamanı dedi: – Naxçıvan Muxtar Respublikasına səfərimizin əsas məqsədi Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq əlaqələrini daha da genişləndirmək və daha da gücləndirməkdir. Yerli işgüzar dairələr, iqtisadi əməkdaşlıq, investisiya qoyuluşu, ticarət baxımından Naxçıvanın potensialını öyrənmək, gələcəkdə inkişaf və əməkdaşlıq yönündən bu potensiala uyğun təkliflər etmək, maraqlı ideyalar reallaşdırmaq arzusundayıq. Ümid edirik ki, buna nail olacağıq. Naxçıvanla bağlı təəssüratlarım isə çox yüksək səviyyədədir. Şəhərin təmizliyi, təbiəti insanı valeh edir. Burada iqtisadiyyatın inkişafı üçün lazım olan bütün şərait mövcuddur. Şahid olduq ki, Naxçıvan, həqiqətən də, daxili potensialı ilə Azərbaycan Respublikasının iqtisadiyyatına öz töhfəsini verir. “Badamlı” zavodunda gəldiyim qənaət, deyərdim ki, tamam fərqlidir. İstehsal müəssisəsi ilə tanışlıq zamanı gördüm ki, burada yaradılan şərait, həmçinin zavodda mövcud olan yüksək istehsal keyfiyyəti müasir dövrün standartları ilə üst-üstə düşür. Zavodla tanışlıq zamanı məlumat verildi ki, müəssisədə 14 çeşiddə istehsal olunan qazlı və qazsız “Badamlı” suları təkcə Naxçıvanda deyil, Azərbaycanın hər yerində, eləcə də Rusiya, Qazaxıstan, Birləşmiş Ərəb Əmirliyi, Çin və İraq kimi ölkələrdə də özünə alıcı kütləsi toplamışdır. Düşünürəm ki, bu qiymətli təbii sərvətin ixrac imkanlarının artması, xarici bazarda özünəməxsus yer tutması və möhkəmlənməsi bir tərəfdən biznes əlaqələrinin genişləndirilməsi ilə bağlıdırsa, digər tərəfdən “Badamlı” təbii mineral süfrə suyunun dünya standartlarına uyğun, yüksəkkeyfiyyətli istehsalı və müalicəvi əhəmiyyəti ilə əlaqədardır. Həmçinin burada biz suların dadına da baxdıq və çox məmnun qaldıq. Bir sözlə, mənim Naxçıvan barədəki fikirlərim çox yüksək səviyyədədir. İnanıram ki, bu cür yüksək məqsədli səfərlərimiz daimi hal alacaq və biz Naxçıvan Muxtar Respublikasına mütəmadi gəlmək şansını əldə edəcəyik. 

 Polşa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rafal Poborski: – Naxçıvan barədə fikirlərim çox yüksək səviyyədədir. Naxçıvan Muxtar Respublikasına etdiyim bu tarixi səfərdə çox şey öyrəndim. Ekskursiya ərzində Naxçıvan Günəş Elektrik Stansiyası ilə yaxından tanış olduq. Bura mənim diqqətimi daha çox çəkdi. Bilirik ki, bərpa olunan enerji mənbələri nəinki Azərbaycan, dünyanın bir çox ölkələri üçün çox əhəmiyyətlidir. Dünyada inkişaf etmiş bir çox ölkələr öz enerji tələbatlarını məhz bərpa olunan enerji mənbələrindən əldə edirlər. Bu, ən başda yüksək iqtisadi göstəricidən xəbər verir. Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev mərkəzlə bizi yaxından tanış edərkən dedi ki, bərpa olunan enerji mənbələrinin Naxçıvan ərazisində əhəmiyyəti və yayılması bu sahədə qarşıya qoyulmuş əsas məsələlərdəndir. Bu, çox yaxşı bir addımdır. Hətta məlumat verildi ki, Naxçıvan Muxtar Respublikasında bu istiqamətdə qarşıya qoyulmuş bir neçə layihə tam yekunlaşdıqdan sonra o, xaricə də elektrik enerjisi ötürə biləcək. Bir sözlə, Naxçıvan Muxtar Respublikası qarşıya qoyduğu hədəfləri layiqincə doğruldacaq və gedişat bunu göstərir ki, o, yaxın gələcəkdə öz daxili imkanlarına görə lider mövqedə olacaq. 

 Litva Respublikasının ölkəmizdəki səfirliyinin əməkdaşı, missiya rəhbərinin müavini Viktoras Daqilis dedi: – Naxçıvan Muxtar Respublikasına etdiyimiz bu səfər özündə bir neçə yüksək planı ehtiva edir. Əsas məqsədimiz isə Naxçıvanın geniş imkanları barədə məlumat əldə etmək, onlarla daha yaxından tanış olmaqdır. Burada olduğumuz müddət ərzində kifayət qədər bilgilər öyrəndik, maraqlı yerlərə ekskursiyalar etdik, Naxçıvanın istehsal imkanları ilə əyani tanış olduq. Səfərimizin hər biri yaddaqalan oldu. Naxçıvanın inkişafı barədə müəyyən fikirlərim olsa da, düzü, bu dərəcədə təsəvvür etmirdim. “Ailə təsərrüfatı məhsulları” festivalında olduq. Burada bizə Naxçıvanın bir-birindən dadlı və ləziz nemətləri barədə məlumat verdilər. Xüsusilə Ordubad limonunun saf və təmiz görünüşü, ətri məni valeh etdi. Festivaldan əliboş qayıtmamaq üçün alış-veriş də etmişəm, sevdiyim quru meyvələrdən almışam. Gördüklərim, şahid olduqlarımdan nə qədər danışsam, yenə az olar. 
    Nümayəndə heyətinin digər üzvü, bölmə meneceri Federico Paone: – Mən İtaliyanın nüfuzlu şirkətlərindən biri olan DBA-nın əməkdaşıyam. Biz memarlıq, mühəndislik, eləcə də telekommunikasiya sektorunda fəaliyyət göstəririk. Təmsilçisi olduğum bu sahə Azərbaycanda fəaliyyətimizi daha dərindən inkişaf etdirmək üçün, həmçinin Azərbaycanın imkanları ilə yaxından tanış olmaq üçün yaxşı fürsətlər yaradır. İlk dəfədir ki, Naxçıvana gəlirəm. Buranın coğrafi şəraiti, ümumilikdə, Naxçıvan şəhəri bizə çox maraqlı təəssüratlar bəxş etdi. Onu da qeyd edim ki, mən artıq 4 ildir, Azərbaycanda yaşayıram. Amma ilk dəfədir, Naxçıvana gəlirəm. Naxçıvan fantastik şəhərdir. Ətraf mühit təmiz və sakitdir, xüsusilə yollar çox gözəldir. Ali təhsil ocağındakı görüşümüzdə gördüm ki, diplomatik missiyalarla maraqlananların çoxu gənclərdir, gənclərin bu cür işlərdə fəal iştirakı çox gözəldir. İnanırıq ki, bizim Naxçıvan Muxtar Respublikasına etdiyimiz səfərlər davamlı xarakter alacaq.