“Naxçıvan Muxtar Respublikasında Suvarma və Drenaj Sistemlərinin İnkişafı Layihəsi”nin icrası ilə bağlı görüş olub

    Naxçıvan Biznes Mərkəzində Asiya İnkişaf Bankının dəstəyi ilə reallaşacaq “Naxçıvan Muxtar Respublikasında Suvarma və Drenaj Sistemlərinin İnkişafı Layihəsi”nin icrası ilə bağlı görüş keçirilib.
    Tədbir iştirakçıları əvvəlcə Biznes Mərkəzi ilə yaxından tanış olub, muxtar respublikada istehsal edilən məhsullar barədə ətraflı məlumat alıblar.
    Görüşdə Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Yəhya Allahverdiyev qonaqları salamlayaraq bildirib ki, “Naxçıvan Muxtar Respublikasında Suvarma və Drenaj Sistemlərinin İnkişafı Layihəsi” çərçivəsində muxtar respublikada həyata keçiriləcək işlərlə əlaqədar Asiya İnkişaf Bankı ilə Fransanın SOFRECO (Societe Francaise de Realisation d’Etudes et de Conseil) və Banqladeşin BETS Consulting Services LTD şirkətləri arasında 7 dekabr 2020-ci il tarixdə müqavilə bağlanıb. Müqavilənin şərtlərinə əsasən Naxçıvan Muxtar Respublikasında həyata keçiriləcək layihələrə yerində baxışın keçirilməsi, texniki-iqtisadi əsaslandırmanın, topoqrafik xəritələrin, ətraf mühitə təsirin qiymətləndirilməsi, ilkin layihə-smeta sənədlərinin hazırlanması, sosial və gender sorğu, mühəndis-geoloji tədqiqat işlərinin aparılması və digər tədbirlər nəzərdə tutulub.

     Qeyd olunub ki, Texniki Dəstək Qrupunun beynəlxalq və yerli mütəxəssisləri müəyyən vaxtlarda Naxçıvan Muxtar Respublikasında olublar. Layihə ərazilərinə səfərlər edilib və kanalların mövcud vəziyyətinə baxış keçirilib. Layihə ərazisində yerləşən kəndlərdə bununla bağlı maarifləndirmə işləri, sosial və gender sorğuları aparılıb. Texniki Dəstək Qrupunun mütəxəssisləri aidiyyəti nazirlik və komitələrdə mütəxəssislərlə görüşlər keçirib və lazımi məlumatları toplayıblar. “Faza-1” qiymətləndirmə hesabatını 2021-ci ilin sentyabr ayında təqdim ediblər. Layihələndirilməsi nəzərdə tutulmuş Bənəniyar gölünə sugətirən beton kanalın layihə-smeta sənədlərinin hazırlanması üçün topoqrafik işlər aparılıb və tikinti üçün geodeziya istinad məntəqələri quraşdırılıb. Layihə ərazilərində geoloji tədqiqat işləri görülüb.
    Asiya İnkişaf Bankının missiya rəhbəri, su ehtiyatları üzrə baş mütəxəssis Yaozhou Zhou Naxçıvanda olmaqdan məmnunluq ifadə edərək bildirib ki, Azərbaycan ilə əməkdaşlıq 1999-cu ildən bəri dərinləşməkdədir. Bu əməkdaşlıqda Naxçıvan Muxtar Respublikasının da xüsusi yeri vardır. Asiya İnkişaf Bankı Naxçıvan Muxtar Respublikasında su şəbəkələrinin qurulması, torpaqların şoranlaşmasının azaldılması və kənd təsərrüfatında məhsuldarlığın artırılması sahəsində aparılan işlərə böyük töhfə verib. 6 fevral 2020-ci il tarixdə “Naxçıvan Muxtar Respublikasında Suvarma və Drenaj Sisteminin İnkişafı Layihəsi”nin hazırlanması üzrə texniki yardımın Azərbaycan Respublikası Hökumətinə təmin edilməsi təsdiq olunub, bu istiqamətdə işlər hazırda uğurla davam etdirilir. Bu görüşün də əsas məqsədi layihə çərçivəsində görülmüş işlər və qarşıda duran vəzifələri müzakirə etmək, fəaliyyət istiqamətlərini müəyyənləşdirməkdir. Layihənin hər iki tərəfə böyük töhfələr verəcəyinə ümidvar olduğunu bildirən Yaozhou Zhou Naxçıvan Muxtar Respublikasında bu sahədə yaradılan şəraiti, işlərdəki fəallığı yüksək qiymətləndirərək birgə əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyini diqqətə çatdırıb.
      Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri Zahid Qənbərov çıxışında bildirib ki, Azərbaycan Respublikası Hökuməti və Asiya İnkişaf Bankı arasında bağlanmış kredit sazişinə əsasən Naxçıvan şəhərində həyata keçirilmiş “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsi 2018-ci ildə uğurla başa çatıb, Naxçıvan Muxtar Respublikası müxtəlif sahələr üzrə əməkdaşlığı davam etdirməkdə maraqlıdır. Qeyd edilib ki, ərazisinin 64 min 713 hektarı əkinəyararlı torpaqlardan ibarət olan muxtar respublika üçün kənd təsərrüfatı əhəmiyyətli və strateji sahədir. Torpaqlarda suvarma sisteminin qurulması və inkişafı da olduqca vacib məsələlərdəndir. Bu baxımdan suvarma və drenaj sistemləri ilə bağlı müzakirəsi aparılan, reallaşması nəzərdə tutulan bu layihə muxtar respublikanın inkişafına böyük töhfə verəcəkdir.
     Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Bəhruz Bayramov çıxışında bildirib ki, aqrar sahə  Naxçıvan Muxtar Respublikası iqtisadiyyatında əsas rola və çəkiyə malikdir. Bu mənada, Asiya İnkişaf Bankı ilə birgə təşkil olunan layihələr həm iqtisadiyyata, həm də əhalinin məşğulluğuna böyük təsir göstərir. Yeni texnoloji metodlardan, suvarma sistemlərindən, məhsuldarlığın artırılması üçün keyfiyyətli toxum sortlarından, aqrotexniki qaydalardan istifadəyə üstünlük verməklə bu sahədə bir sıra işlər həyata keçirilib, uğurlara nail olunub. Mövcud torpaq sahələrində suvarma sistemlərinin qurulması gələcəkdə ərzaq təhlükəsizliyinin təmin olunmasına, əhalinin keyfiyyətli yerli məhsullardan istifadəsinə geniş imkanlar vəd edir. Asiya İnkişaf Bankı ilə birgə reallaşacaq bu layihə gələcəkdə muxtar respublikada quraqlıq problemlərinin qarşısını almaqla yanaşı, kənd təsərrüfatı məhsullarının ixrac imkanlarının da genişləndirilməsinə şərait yaradacaq.
     Sonra “Naxçıvan Muxtar Respublikasında Suvarma və Drenaj Sistemlərinin İnkişafı Layihəsi” çərçivəsində 12 ekspertdən ibarət Texniki Dəstək Qrupunun rəhbəri Dinesh Kumar Shrestha Şərur, Babək, Culfa, Kəngərli, Sədərək rayonlarını əhatə edən layihənin 18 fəaliyyət istiqaməti üzrə görülmüş işlər barədə slayd vasitəsilə ətraflı məlumat verib. Görüş layihənin icrası ilə bağlı qarşıda duran məsələlərin müzakirəsi ilə davam edib.