Naxçıvanda “STEAM təhsil festivalı” keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2021-ci il iyunun 7-də “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalamışdır. Sərəncamda Naxçıvan şəhərində STEAM Təlim-Tədris Mərkəzinin yaradılması, ümumtəhsil məktəblərində STEAM kabinələrinin qurulması və “STEAM təhsil festivalı”nın keçirilməsi nəzərdə tutulub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, iyunun 11-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “STEAM təhsil festivalı” keçirilib.

Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxış edərək deyib ki, Ali Məclis Sədrinin müvafiq Sərəncamına uyğun olaraq 2020-2021-ci tədris ilindən etibarən muxtar respublikanın ümumtəhsil məktəblərində STEAM təhsil metodunun tətbiqinə başlanılıb. Qısa müddətdə 106 təhsil müəssisəsində STEAM kabinəsi yaradılıb. Əlavə olaraq 50 ümumtəhsil məktəbində kabinələrin yaradılması istiqamətində işlər davam etdirilir, Naxçıvan şəhərində STEAM Təlim-Tədris Mərkəzi qurulur. Bugünədək 400-ə yaxın müəllim STEAM təlimlərinə cəlb edilmiş, 7 dərslik hazırlanaraq nəşr olunub. Tədris ili ərzində ümumtəhsil məktəblərinin şagirdlərinin STEAM layihələri üzrə 7 müsabiqə keçirilib. Görülən işlərin nəticəsi olaraq muxtar respublikadan olan şagirdlər “STEAM Azərbaycan Festivalı-2021” və “TEKNOFEST-Azərbaycan” festivalında iştirak edərək uğurlu nəticələr əldə ediblər. Rəhman Məmmədov yaradılan şəraitə görə festival iştirakçıları adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq edib.