Naxçıvanda Türkiyənin Zəfər bayramı qeyd edilib

Avqustun 30-da Türkiyə Respublikasının Zəfər bayramı və Türkiyə Silahlı Qüvvələri Günü münasibətilə Türkiyənin Naxçıvandakı Baş Konsulluğunun təşkilatçılığı ilə konsulluğun iqamətgahında tədbir keçirilib. Əvvəlcə Azərbaycan və Türkiyə respublikalarının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hər iki ölkənin Dövlət Himni səsləndirilib.

Tədbirdə Türkiyənin Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz qonaqları salamlayıb, bayramı birgə qeyd etməkdən məmnunluğunu bildirib, Türkiyə Respublikasının Prezidenti Rəcəb Təyyib Ərdoğanın Zəfər bayramı və Türkiyənin Silahlı Qüvvələr Günü münasibətilə Türkiyənin xarici ölkələrdəki diplomatik nümayəndəliklə­rinə göndərdiyi təbrik məktubunu oxuyub. Baş konsul çıxışında Zəfər bayramının 100-cü ildönümündə qardaş Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı zəfəri də qeyd etməkdən şad olduqlarını diqqətə çatdırıb. Qeyd edib ki, rəşadətli Azərbaycan Ordusu əzm və cəsarəti ilə tarixə qızıl hərflərlə yazılan bir zəfər qazanıb və işğalı sonlandıraraq şəhər və kəndləri bir-bir azad edib. Ötən həftə Laçın şəhəri ilə Zabux və Sus kəndlərinin nəzarətə götürülməsi münasibətilə təbriklərini çatdıran Məhmət Emin Kiraz Türkiyə Cümhuriyyətinin qurucusu qazi Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir” ifadəsini səsləndirib, Azərbaycan Ordusunun Ali Baş Komandanı başda olmaqla bu qələbə sevincini yaşadan əsgər və zabitlərə minnətdarlığını bildirib, qazilərə uzun ömür və cansağlığı arzulayıb, şəhidlərə Allahdan rəhmət diləyib.